DİGƏR

Azərbaycanlı katibin əməlləri: Həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı...

32gun.az Kulis.az-a istinadən Azərbaycan tarixinin ən qalmaqallı şəxslərindən olan Mircəfər Bağırov haqqında bizə az bəlli olan faktları təqdim edir.

Mircəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə bir ilə yaxın müəllim işləyir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir.

***

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü ildə anadan olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.

Bağırov Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi işlədiyi dönəmlərdə daşnaklara qarşı döyüşüb. Rudenkonun apardığı məhkəmə prosesində də Mircəfər Bağırova verilən maddələrdən biri Qubada millətlərarası münaqişədə iştirakla bağlı olub.

***

Böyük bacısının nəvəsi Məmmədtağı Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalıların içərisində Üzeyir Hacıbəyov, Mikayıl Rəfili olub: "Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib. Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus idi. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib".

Deyilənə görə, Bağrovun sonradan təəssüfləndiyi ölümlərdən biri Mikaıl Müşfiqin ölümü olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib: "O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı."

***

37-ci il repressiyasından Mircəfərin qoruduğu insanlardan biri də Mirmövsüm ağa olub. İddia olunur ki, Mirmövsüm ağanın evində anti-sovet təbliğatı aparılıb. Mirmövsüm ağaya görə Bağırovun bacısı Məsumə qardaşından, yəni Mircəfər Bağırovdan xahiş edib. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər.

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər. Ona 10 gün ev dustaqlığı veriblər.

***

Bağırov böyük oğlunu çox sevib. Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Ancaq atası Mircəfər Bağırova məktub yazıb bildirib ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm. Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedir. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb.

Mircəfər Bağırovun oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. O vaxt SSRİ Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova zəng edib ki, oğlun həlak olub, ona Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adı verilib. Mircəfər Bağırov deyir ki, xahiş edirəm, oğluma Sovet İttifaqı Qəhrəmanı adı verməyin. Həzi Aslanovun köməkliyi ilə onun oğlunun tabutu Bakıya göndərilib. Əslində, tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

 

***

kapitalbank.az

Learn more

1932-ci il avqustunda Bağırovun ikinci evlilikdən olan oğlu Cen dünyaya gəlir. Cen professor, elmlər doktoru olub. 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə onun bir oğlu olub, adını Mircəfər qoyub. Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olub və velosipeddə gedərkən qəza nəticəsində həlak olub.

Mircəfər Bağırovun ilk sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub. O, 3 dəfə ərdə olsa da, Bağırova heç vaxt "hə" cavabı vermir. Buna görə, Bağırov onu həbs etdirir və sonuncu dəfə "hə" cavabını almaq istəyir. Bu dəfə də "Yox" söyləyən Qayıbovanı güllələyir və hər kəsin qarşısında hönkür-hönkür ağlayır.

***

"Dağlar qızı Reyhan" mahnısının real qəhrəmanı Reyhan adlı xanım olub. 1918-ci ilin mart soyqırımlarında toy günü onun həyat yoldaşı ermənilər tərəfindən öldürülür, özü isə zorlanmasın deyə ayaqyoluna girib üstünə nəcis yaxır və qurtula bilir. Başına dəstə toplayaraq Qubada Gəlinqaya adlı yerdə erməniləri darmadağın edir. Sonradan 1928-ci ildə antisovet damğası vurularaq, güllələnməyə göndərilərkən Mircəfər Bağırov onu müdafiə edir. Adı və soyadı dəyişdirilən Reyhan xanım Krıma monastra yerləşdirilir.

Azərbaycan radiosu Türkiyə və İran üçün verilişlər verməyə başlayır. Bu verilişlərin keyfiyyətinə, siyasi ideoloji xarakterinə şəxsən Mircəfər Bağırov özü nəzarət edir. Birinci verilişdə Sara xanım və Xan Şuşinski çıxış etməliydilər. Sara xanım "Kürdün gözəli" mahnısını ifa etdikdən sonra Mircəfər Bağırov onu yanına çağırır. "Qızım, daha nəyi oxuyacaqsan?", - deyə sual edir. Sara xanım "Qubanın ağ alması" mahnısını" cavabını verir. Bu cavab Mircəfər Bağırovun xoşuna gəlir və ona deyir:

- Qızım, sənin adın əcnəbi adlara oxşayır. Deyəcəklər, yəqin, bu qız yəhudidir. Bəlkə, adını dəyişək?

22 yaşlı Sara çəkinmədən, fikirləşmədən hamının yanında "Ata-babanın qoyduğu adı dəyişməzlər" deyə cavab verir.

***

Bağırov 1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya - güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilib. Onun məhkəməsini Nürnberqdə SSRİ-nin nümayəndəsi olan prokuror Rudenko aparırdı.

Şahidlərin sözlərinə görə, Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur; müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyir. Məhkəmə heyəti Bağırova icazə verir. O, gözətçilərin müşayiəti ilə qəbiristanlığa gedir, oğlunun məzarını oxşayaraq, onunla danışmağa başlayır. Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun gözlərindən axan yaş məzarın sinədaşına tökülür. Ani bir səssizlik hökm sürür. Bu səhnədən qəhərlənən hərbi konvoyun azərbaycanlı üzvləri rus komandirlərdən Bağırova mane olmamalarını xahiş edirlər. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yasları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: "Sənin yanında ölmək mənə qismət olmadı", deyərək, gözlərini oğlunun məzarından çəkməyərək oradan ayrılır.

***

Mayın 5-də hökm icra olunur və Mircəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur. Onun bacısı nəvəsinin sözlərinə görə, sonradan Bağırovun məzarındakı qalıqlar toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb.

Loading...

Oxşar Xəbərlər