SOSIAL

II qrup əlil pensiyadan məhrum olduğu üçün intihar edib?

Ötən gün özünü yandırması nəticəsində bu gün vəfat edən Ucar rayon Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun bu addımı atmasına səbəb kimi 10 ilə yaxın müddətdə aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdündən məhrum olunması göstərilir. 

“Qafqazinfo” xəbər verir ki, mərhum Nazir Həsənovun oğlu dünən Mübariz Həsənov Toplum TV-yə danışıb. O bildirib ki, atası 10 ildir hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alıb: “1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alır. Bu nə qərardır, niyə belə ediblər? 

Atamın bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmayıb. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?"

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat  katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Ucar rayon sakini, I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğluna Allahdan rəhmət diləyirik. Qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələrində və media orqanında N.Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır.  Belə ki, ona hələ 2021-ci ilin may ayından 5 il müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb və o, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib. Nazir Həsənovun əyani müayinəsi zamanı müəyyən edilib, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu. Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmayıb.

Bir daha baş vermiş faciə ilə bağlı təəssüfləndiyimizi bildirir, mərhumun ailəsinə səbr diləyirik!”

Qeyd edək ki, Nazir Həsənov yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində vəfat edib. 

Loading...

Oxşar Xəbərlər