SOSIAL

Bakıda rəis keçmiş işçisini kabinetində döydü - FOTO

"Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb. 

Bu barədə hadisədə zərəçəkən Kamil Hüseynovun Qaynarinfo-ya müraciətində bildirilir. O bildirib ki, "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb: 

"MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım”. 

K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib: 

"Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm”. 

K.Hüseynov dünən şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Elman adlı vəzifəli şəxsinin qəbulunda olub: 

"Elman müəllimin dəvəti ilə onun yanına getdim. Görüşdükdən sonra, Elman müəllimin razılığı ilə MMC-nin rəhbəri Səftər İsmayılovla da görüşdüm. Səftar İsmayılovun otağına daxil olan kimi üstümə hücum edib məni boğmağa başladı. Ondan müxtəlif yerlərə şikayət etdiyimə görə üstümə qışqırdı, təhqir etdi və məni bir neçə vəzifəli şəxslə birlikdə orada döydülər. Qollarımı bağlayıb, otaqdan çıxmağa qoymadılar. Məni 50 dəqiqə otaqda saxladılar. Bundan sonra Elman müəllim də hadisə yerinə gəldi və baş verənlərə görə öz narazılığını bildirdi. Sonra şikayət etməyim deyə mənə işə bərpa olunmağımla bağlı ərizə yazdırdılar. Otaqdan çıxmaq üçün ərizə yazmağa məcbur oldum. Ordan çıxan kimi Bakı Sağlamlıq Mərkəzinə getdim və rentgen olundum. Burnumu sındırıblar, bədənimin müxtəlif orqanlarını əziblər”. 

K.Hüseynov artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng mərkəzi”nə şikayət etdiyini də deyib: 

"Məhkəmə Tibbi Ekspertizaya getmişəm. Məni döyənlərin adlarını vermişəm. Araşdırmanın nəticələrini gözləyirəm. Onların məni təhqir etmələrinə dair səs yazılarını da saxlamışam”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, baş verən hadisədən xəbərsiz olduğunu və məsələ ilə bağlı araşdırma ediləcəyini deyib: 

"Bu, elə bir hadisədir ki, baş veribsə, bunu ancaq hüquq-mühafizə orqanları araşdıra bilər. Yəni bu barədə nə deyə bilərəm? Bu haqda ilk dəfə sizdən eşidirəm”.

Loading...

Oxşar Xəbərlər