KRİMİNAL

“Emin444”ə görə törədilən qətl sifarişli olub?

“Emin444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə idmançı Zaur Yusifovu qətlə yetirən E.Səfərovun xalası oğlu Samir Şirəliyevin məhkəməsi davam edir.

32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib. Prosesdə “Emin 444”ün xalası oğlu qətlin qisas məqsədilə ailə tərəfindən sifariş verilməsi iddialarına cavab verib: “Eminin anasının qisasla bağlı hansısa tələbi olmayıb. Sadəcə istəyirdi ki, günahkar qanuni cəzasını alsın”.

Digər şahid İsaq Əzimov isə deyib ki, Samir hadisədən bir gün qabaq onun yanına gəlibmiş: “Samir bibim nəvəsidir. Gəlib dedi telefonu ver anamla danışım. Sonra anası mənə zəng edib Samiri soruşdu. Samir hadisə gününə kimi mənimlə qalıb. Evdə silah görməmişəm”.

Təqsirləndirilən şəxs qarşı tərəfin vəkili Ceyhun Yusifovun suallarına cavab verməkdən əksər hallarda imtina edib. Vəkilin “silahı evdə harada gizlədirdin?” sualına “yadımda deyil” deyərək cavab verib.

C.Yusifov qətlin sifarişlə törədildiyini iddia edərək məhkəməyə əlavə şahidlərin gətirilməsini istəyib. Lakin qarşı tərəfin vəkili buna ehtiyac olmadığını bildirib. Hakim və dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin mövqeyi ilə razılaşıblar. Lakin zərərçəkmişin vəkili qətlin sifarişli olduğunu və şahidlərin dindirilməsinin qarşısını almaqla qarşı tərəfin bu faktı gizlətmək istədiyini qeyd edib. Bundan sonra C.Yusifovla məhkəmə arasında mübahisə yaranıb. Vəkilə 3 dəfə xəbərdarlıq edilib. Müdafiəçi məhkəməyə ədalətli araşdırma aparılmadığını bildirərək etiraz edib.

Proses sentyabrın 29-a təxirə salınıb.

Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Habil Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Habil isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.

Bu il martın 14-də isə "Emin-444"ün xalası oğlu Samir Şirəliyev qohumun qisasını almaq qərarına gəlib. O, Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə 1984-cü il təvəllüdlü Zaur Yusifovu odlu silahdan atəş açaraq qəsdən öldürüb.

Loading...

Oxşar Xəbərlər