SOSIAL

Azərbaycanda mənzillərə dair tələblər müəyyənləşdi

Azərbaycanda bir, iki və çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.

"Unikal"ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır.

Mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

- birotaqlı mənzildə ümumi otaq - 15 m²-dən;

-birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

- iki və daha çox otaqlı mənzillərdə ümumi otaq - 16 m²-dən;

- yataq otağı - 8 m² (iki adama - 10 m²-dən);

- mətbəx - 8 m²-dən;

- mətbəx-yemək otağında mətbəx zonası - 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol veriləcək.

Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Dövlət və bələdiyyə sosial təyinatlı və xüsusi təyinatlı mənzil fondunun birotaqlı mənzillərində birləşdirilmiş sanitar qovşağının layihələndirilməsinə yol verilir.

Loading...

Oxşar Xəbərlər