DÜNYA

Güllələyən şəxsin adını vermədi, 5 il sonra özü öldürdü - ŞOK FOTOLAR

Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev şəhərində restoranlardan birində Azərbaycan vətəndaşı 32 yaşlı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs - Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov 2022-ci ilin iyul ayında Bakı şəhərində tutulub.

Yasin Həsənov 1987-ci ildə Qazaxıstan Respublikasının Karakanda vilayətində anadan olub. Əvvəllər məhkum olunmayıb. Bakı şəhərinin Sabunçu qəsəbəsində yaşayıb. Cüdo və sambo döyüş növləri üzrə yığma komandanın üzvü olan Həsənov Azərbaycan çempionu olmaqla yanaşı 2009-cu ildə cüdo üzrə dünya kubokunun və sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub. 

İstintaqla müəyyən edilib ki, 2013-cü ilin oktyabrın 17-də Kiyev şəhərində fəaliyyət göstərən "Karavan" restoranında aralarında baş vermiş mübahisə zamanı Davud Ağayev odlu silahdan atəş açaraq Yasin Həsənovu yaralayıb. Qisas almaq qərarına gələn Həsənov tanışı Şəmkir rayon sakini Valeh Xəlilov və istintaqa şəxsiyyətləri məlum olmayan digər şəxlərlə əlbir olaraq üzərində saxta dövlət nişanı olan "Honda " markalı avtomobillə 2018-ci ilin iyulun 3-də 122 saylı evin qarşısına gəlib. Maşından düşüb binanın həyətinə daxil olanda Davut Ağayevin əmlak agentliyinin ofisindən çıxdığını və restoran istiqamətində getdiyini görüb. 

Planlaşdırdıqları cinayət əməlini həyat keçirmək üçün əlində tapança ilə küçədə sonuncuya çatıb və fasiləsiz 8 dəfə atəş açaraq onu qətlə yetirib. Sonra isə tanışlarının avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşıb. 

Ölkə.Az-ın məlumatına görə, iş üzrə dindirilən Yasin Həsənov bildirib ki, 2010-cu ildə Ukraynaya gedib. Orada Azərbaycan Respublikası Diaporasının sədri işləyən İlqar Abbasovun yanında mühafizəçi kimi işləməyə başlayıb. 2013-cü ildə metro stansiyaların birinin yaxınlığında gül dükanı açıb və onu tək işlədib. Mühafizəçisi işlədiyi İlqar Abbasovla Bakı şəhərində doğulub yaşamış milliyətcə rus olan Aleq Bakinski ləqəbi ilə tanınan Aleq Krapivin arasında 2011-ci ildə münasibətlər pozulub. Həmin dövrlərdə o, İlqar Abbasovun yanında işlədiyi üçün Aleqin yaxın adamı olan Davud Ağayev tez-tez onu narahat etməyə mağazasına gəlib aylıq haqq tələb etməyə başlayıb. Amma o, həmin şəxsə pul verməyəcəyini bildirib. 

2013-cü ilin axrılarında Davud zəng edib onu Kiyev şəhəri yaxınlığında yerləşən restorana dəvət edib. Yasin ora tək gedib. Davudun yanında Süleyman adlı şəxs də olub. Kabinetdə söhbət zamanı Davud ayda ona 5 min dollar verəcəyini əks halda onu öldürəcəyini bildirib. Ona ümumiyyətlə pul verməyəcəyini söyləyib ayağa qalxanda Davud "Makarov" markalı tapançadan sağ ayağına 2 dəfə atəş açaraq otaqdan çıxıb. Təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma aparılsa da, o, polis əməkdaşlarına Davudun adını verməyib. Sağalandan sonra 2014-cü ildə Bakıya qayıdıb. Bakıda yaşayaraq tikinti materiallarının satışı ilə məşğul olub. Valideynləri Ukraynada yaşadıqları üçün ildə bir-iki dəfə onlara baş çəkib. Davud Ağayevlə həmin hadisədən sonra əlaqəsi olmayıb. 

2018-ci ilin iyulun 3-də Davud Ağayevin qətli ilə bağlı bildirib ki, baş vermiş hadisədə onun heç bir rolu və iştirakı olmayıb. Ümumiyyətlə hadisə baş verən zaman o, Ukraynada olmayıb. Həmin vaxtlar Türkiyədə, ya da Belarusda olub. 

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş məktubda qeyd olunub ki, 2018-ci ilin iyulun 3-də Kiyev şəhərində cinayət törətməmişdən əvvəl Yasin Həsənovun fevralın 23-də Bakı-Kiyev aviareysi ilə Ukraynaya getməsi, qətldən sonra Ukraynadan Türkiyəyə oradan isə Sədərək keçid məntəqəsindən Azərbaycana gəlməsi müəyyən edilib.   

Məhkəmə iclasında Yasin Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə Yasin Həsənov  12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Loading...

Oxşar Xəbərlər