KRİMİNAL

Prokurorluq ölkəsinə ekstradisiya edilən qazaxıstanlı cinayətkarla bağlı məlumat yaydı - YENİLƏNİB

Baş prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

"32gun.az" xəbər verir ki, Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rinat Qabitov aprelin 10-da  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilmişdir.

***

08:59

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.

“32gun.az” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 milyard tengedən (8,9 milyon ABŞ dolları-red) çox ziyan dəyib.

O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib. Sonralar Azərbaycan ərazisində aşkar edilib.

Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Təqsirləndirilən cinayəti törətməyə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.

Loading...

Oxşar Xəbərlər