KRİMİNAL

Bakıda gecə klubunda qız üstündən adam öldürən “Lotu Quli”nin yaxını görün kimdir

CİNAYƏT İŞİ

Qısa arayış…

2014-cü il avqustun 16-ı saat 3 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsindəki “AF Hotel Aqua Park” Ailəvi İstirahət Mərkəzinin nəzdində olan “Garden Beach” gecə klubunda bıçaqlanma hadisəsinin olması barədə polisə məlumat daxil olur. Dərhal hadisə yerinə çıxan əməliyyatçılar bıçaqlanan, Sumqayıt şəhər sakini Böyükağa Əliyevin xəstəxanaya aparıldığını və orada öldüyünü müəyyən ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən İbrahim Muxtarov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin İbrahim Muxtarov istintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.İbrahim Muxtarov 2017-ci il sentyabrın 24-də Gürcüstan Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Rustavi şəhərində saxlanılıb. Bolnisi rayon məhkəməsinin 2018-ci il tarixli hökmü ilə o, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması) və 344-cü (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Tiflis şəhər məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarına əsasən onun Azərbaycana ekstradisiyasına razılıq verilib. Həmin il iyunun 23-ə o, Gürcüstandan Azərbaycana ekstradisiya olunaraq Bərdə rayon Polis Şöbəsinə təhvil verilib.

Qətl olan ərazi

İbrahim Muxtarovun cinayət dosyesinə nəzər salarkən məlum olur ki, o, kriminal aləmdə nüfuz sahibi imiş. Belə ki, “Vəziyyət İbrahim” ləqəbi ilə tanınan İbrahim Muxtarov “Lotu Quli”nin yaxın adamlarından biri olub.

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib:

İstintaqla müəyyən edilib ki, 2014-cü il avqustun 15-i saat 23 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən “AF Hotel Aqua Park” Ailəvi İstirahət Mərkəzinin nəzdində olan “Garden Beach” gecə klubunda Xəyal Quliyev Nicat Əbdülov və Eldar Əliyevlə mübahisə edib. Narazılığa Nicat və Eldarın qızlarla rəqs etməsi səbəb olub. Bunu “aydınlaşdırmaq” üçün avqustun 16-sı gecə saat 3 radələrində İbrahim Muxtarov kluba yollanıb. Xəyal Quliyev və qeyriləri ilə görüşdükdən sonra söhbət edə-edə dəniz kənarına gəliblər.

İbrahim Muxtarov Nicat Əbdülova özünü Sumqayıt şəhərində “vəziyyətə baxan” kimi təqdim edərək, rəqs meydançasında Xəyal Quliyevə qarşı etdiyi hərəkətləri ilə bağlı izahat verməsini tələb edib. Bir neçə dəfə təhqiramiz tərzdə Nicat Əbdülovun, eləcə də onu müdafiə edən Böyükağa Əliyevin sözünü kəsərək, onlara kobud şəkildə haqsız olduqlarını bildirib. Xəyal Quliyev qəflətən Nicat Əbdülovun sifətinə yumruq vurub. Böyükağa Əliyev buna iradını bildirdikdə İbrahim Muxtarov onunla əlbəyaxa olub. Cibindən çıxardığı bıçaqla 2 dəfə zərbə vuraraq, zərərçəkmişi öldürüb.

İbrahim Muxtarov istintaq zamanı

İş üzrə dindirilən İbrahim Muxtarov bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb, peşəkar idmançıdır:

“2007-ci ildə güləş üzrə Azərbaycan çempionu və həmin il Avropa üçüncüsü olmuşam. 2010-cu ildə Avropa Kubokunu qazanmışam. 2014-cü ilin iyul ayından Sumqayıt şəhərinin 4-cü mikrorayonda yaşayıram. Avqustun 15-də Bakıda idim. Gecə saat 1-2 arası Sumqayıta qayıdarkən, güləş zalında tanış olduğum Xəyal zəng edərək, Novxanıdakı kluba gəlməyimi xahiş etdi. Nə baş verdiyini soruşduqda “gələndə danışarıq” dedi. O, məni istirahət mərkəzinin giriş qapısında qarşıladı. Xəyal kluba bir oğlan və iki qızla birlikdə gəldiyini dedi. Onun sözlərinə görə, tanımadığı şəxs yanındakı dostu ilə gələn xanıma sataşıb. İrad bildirərək qadınla nəzakətli davranmasını tələb edib və buna görə aralarında gərginlik yaranıb. Nə Xəyalın dostunu, nə də qızları tanımırdım. Tanışım həmin şəxslərin dəniz kənarında olduqlarını söyləyib, həmin söhbəti aydınlaşdırmağımı xahiş edib. Xəyalla birlikdə ora çatanda 30-40 nəfərin toplaşdığını gördük. Tanışım bir nəfəri göstərib onunla mübahisə etdiyini dedi. Xəyal və Nicatla birlikdə masa arxasında oturub, söhbət etməyə başladıq. Ətrafda olanlar isə yanımızda dayanmışdı”.

Yerə düşən iz

Nicatdan yanında oğlan olan qıza hansı səbəbdən sataşdığını soruşanda, o “yaxşı elədiyini” deyib. Səhvini başa salmaq üçün İbrahim Nicatın sifətinə yumruq vurub:

“Zərbənin təsirindən Nicat yerə yıxıldı. Ətrafda olan şəxslər bizi araladı. Bundan sonra, adını sonradan bildiyim Böyükağa arxamca qaçaraq, məni söydü və sifətimə yumruq atdı. Əlbəyaxa olanda əynimdəki qara rəngli maykamın boğaz hissəsi cırıldı. Hadisədən bir müddət əvvəl Bakıxanov bazarından bıçaq almışdım. Belimə keçirdiyim bıçağın tiyəsini açaraq, onun qarnına 2 zərbə endirdim və oradan qaçdım. Əsas yola çıxıb, taksi ilə Sumqayıtda kirayədə yaşadığım evə gedib paltarımı dəyişdim. Xəyal mənə zəng edərək, vurduğum şəxsin öldüyünü dedi. Həbs ediləcəyimdən qorxduğum görə qaçmağı qərarlaşdırdım. Səhər saatlarında Sumqayıtda yaşayan dostum Cavanşirə zəng edərək, mənimlə Bərdəyə getməsini xahiş etdim. Cavanşirlə Bakıda, “20 yanvar” metrosunun yaxınlığında görüşdük. Ona Novxanıda dava vaxtı bır nəfəri bıçaqlayıb öldürdüyümü danışdım. Bərdədə qardaşıma hadisə barədə heçnə demədim. Sadəcə onları görməyə gəldiyimi dedim. Gürcüstanda yaşayan Elşən adlı dostuma zəng edib hadisə barədə məlumat verdim. Elşən mənə sərhədi Qazax rayonun Sadıqlı kəndindən gizli yolla keçməyi məsləhət gördü. Gürcüstana qaçaq yolla gəlməyimi kimsə bilmirdi. 2016-cı ildə Elşən qətlə yetirildi. 2017-ci il sentyabrın 25-də yol patrul xidmətinin əməkdaşları məni saxladı. Gürcüstanda qanunsuz yaşadığım üzə çıxdı və barəmdə cinayət işi açıldı. 3 illik həbs olundum. 2020-ci il sentyabrın 24-də azadlığa buraxıldıqdan dərhal sonra “İnterpol”un əməkdaşları məni saxladı. Azərbaycanda axtarışa verildiyimi bildirdilər. 2021-ci il iyunun 24-də Bakı İstintaq Təcridxanasına gətirildim”.

Hadisə olan ərazi

İbrahim Muxtarov əlavə edib ki, Böyükağa Əliyevi öldürmək istəməyib. O, əməlindən çox peşman olduğunu və buna görə də mərhumun ailəsindən üzr istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Əliyeva ifadəsində göstərib ki, Nicat Əbdülov oğlu Böyükağa Əliyevin əsgər yoldaşıdır. B. Əliyev, N. Əbdülov, qohumları Zaur və Eldarla Sumqayıtın 11-ci mikrorayonda yerləşən, 1-ci mərtəbəsi avtoyuma, 2-ci mərtəbəsi isə çay evi olan obyekti işlədirdi. Böyükağa xasiyyətcə səbrli, dürüst bir insan olub, heç kimlə ədavəti olmayıb:

“2014-cü il avqustun 15-i saat 16 radələrində Eldar Böyükağaya zəng vurdu. Nicatın ad gününü qeyd etmək üçün axşam yığışacaqlarını dedi və onu Novxanıya çağırdı. Səhər saat 4 radələrində yuxudan oyanıb gördüm ki, oğlum evdə deyil. Ona zəng etsəm də, cavab vermədi. 2 saatdan sonra qohumum məni yuxudan oyadıb Böyükağanın xəstəxanada olduğunu dedi. Ora çatanda, artıq oğlumun öldüyünü bildim. Yasda Nicat və Eldardan öyrəndim ki, həmin axşam restoranda yeyib-içiblər, sonra da kluba gediblər. Meydançada Xəyal adlı şəxs Nicata yaxınlaşıb, tanıdığı qızla rəqs etməsinə görə iradını bildirib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mühafizəçilər onları sakitləşdirib və Xəyalı klubdan bayıra çıxarıblar. Daha sonra tanımadıqları şəxs Nicatı çölə çağırıb. Böyükağa, Zaur, Eldar və Cavid də ardınca gediblər, dənizkənarında baş verən dava zamanı İbrahim adlı şəxs Böyükağanı bıçaqla vurub və qaçıb. Zaur oğlumu maşınına mindirərək onu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Bu illər ərzində İbrahim Muxtarovun yaxınları gəlib, üzr istəməyiblər, barışıq üçün heç bir addım atmayıblar. Sumqayıtda vəziyyətə baxan kimi təqdim olunan bu şəxs eşitdiyimə görə, “Lotu Quli” ləqəbli qanuni oğru tərəfindən himayə olunurmuş. İbrahim Muxtarov yeganə oğlumu qətlə yetirməklə bir nəslin davamını kəsdi”.

Şahid Nicat Əbdülov bildirib ki, “Ağa” kimi çağırdıqları mərhum Böyükağa Əliyevi 2010-cu ildə tanıyıb, onunla eyni hərbi hissədə xidmət edib. Avqustun 15-də ad günü ilə əlaqədar Novxanı qəsəbəsində fəaliyyət göstərən istirahət mərkəzində yığışıblar:

“Saat 23-dək orada yeyib-içəndən sonra yaxınlıqda yerləşən disko kluba getdik. Orada pivə içib bir qədər rəqs etdikdən sonra digər kluba yollandıq. Bizdən təxminən 4-5 metr aralıda iki qız rəqs edirdi. Yanımızda başqa adam yox idi. Mən və Eldar qızlarla birlikdə rəqs etdik, qızlar da etiraz etmirdilər. Təxminən 10 dəqiqədən sonra tanımadığım oğlan bizə yaxınlaşıb, sarısaç qızı göstərərək, qız mənimlədir, onun xətrinə dəymə dedi. Sonradan adını bildiyim Xəyalı kənara çəkərək bu qızların söhbətini etmə, sizə yaraşmaz dedim. Mübahisəmizə mühafizəçilər qarışdı və Xəyalı oradan uzaqlaşdırdılar.  Həmin iki qız da bir müddətdən sonra çıxıb getdilər. Təxminən 1 saatdan sonra tanımadığım şəxs mənə yaxınlaşaraq dəniz kənarına söhbətə çağırdı. Böyükağa, Cavid və Eldarla dənizin qırağına düşəndə, xeyli adam gördük. Üzü saqqallı, özünü avtoritet kimi təqdim edən şəxs Xəyalla aramızda olan söhbəti ona danışmağımı istədi. Həmin vaxt ətrafdakı oğlanlardan biri qız söhbətini uzatmamağı bildirərək, hamıdan dağılışmağı xahiş etdi. Amma saqqallı şəxs bizim qızın yanında dostuna qarşı hörmətsizlik etdiyimizi bildirdi. Böyükağaya dostu Hikmətə zəng vurmasını dedim. Həmin şəxs Hikmətin onların qardaşı olduğunu, bizimlə davaya deyil, sadəcə söhbət etməyə gəldiklərini söylədi. Həmin şəxs 30-35 yaşlarında oğlanı bizə təqdim edərək tanış olun, İbrahimdir, Sumqayıtın vəziyyətinə baxandır dedi. İbrahim Böyükağadan ona hörmət etməsini, sözünü kəsməməsini tələb edəndə aralarında mübahisə yarandı. Böyükağa İbrahimə sən necə vəziyyətə baxansan ki, bir bar qızına görə söhbətə gəlmisən dedi. Bu sözlər İbrahimin xoşuna gəlmədi. Sahildəki çətirin altında olan masada oturub, söhbət edirdilər. Biz tərəfdən mən və Böyükağa, qarşı tərəfdən isə İbrahim, Xəyal və üzü saqqallı adını bilmədiyim oğlan oturmuşduq. Masanın arxasında təxminən 10 dəqiqə söhbət etdik. İbrahimin yanında olan oğlan səsimin tonunu qaldırdığımı bildirərək, artıq səhv tutduğunu nümayiş etdirdi. Xəyal sifətimə yumruq atdı. Cavidlə Eldar məni tutub geri çəkdilər. Bizdən 10 metr aralıda Böyükağanın 4-5 nəfərlə mübahisə etdiyini gördüm. Həmin şəxslərdən biri dostumu sinəsindən vurdu. Eldar o tərəfə qaçdı”.

Xəyal Quliyev

Şahid Xəyal Quliyev bildirib ki, avqustun 15-də Nabran qəsəbəsindən Bakıya gəlib, növbəti gün saat 6 radələrində Rusiyaya getmək üçün bileti olub: 

"Rusiyada paltar mağazası işlədirdim. Həmin gün Xəyal adlı tanışım məni Novxanıdakı istirahət mərkəzinə dəvət etdi. Adaşımın yanında Rusiya vətəndaşları olan Marina və Mədinə adlı qonaqlarımız vardı. Onları ilk dəfədir ki, görürdüm. Saat 22 radələrində mən, tanışım və həmin xanımlar klubda oturub istirahət edirdik. Qızlar rəqs edərkən, sonradan adını bildiyim Nicat adlı şəxs sərxoş halda qızlara yaxınlaşaraq, məni narahat etməyə başladı. Xanımların bizimlə olduğunu söylədikdə, Nicat aqressiv şəkildə qız söhbəti aparmamağımı dedi. Klubdan çıxıb dəniz kənarında olan masanın arxasında oturub, mübahisə edərkən, yanımızda ayaq üstə Nicatın tanışları, biz tərəfdən isə Xəyal, həmçinin klubun işçiləri dayanmışdı. Söhbət zamanı səhv hərəkət etdiyini bildirəndə, Nicatın sifətinə yumruq vurdum. Bundan sonra ara qarışdı. Həmin iki qızla ərazidən uzaqlaşdım.

İstintaq fotosu

Hadisədən yarım il sonra Rusiyada olarkən, həmin hadisəyə görə axtarışda olduğumu və dava zamanı bir nəfərin öldüyünü öyrəndim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Muxtarov cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Loading...

Oxşar Xəbərlər