HADİSƏ

Azərbaycanda DƏHŞƏTLİ OLAY! 15 yaşlı məktəbli qız rəfiqəsini bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını bıçaqlayan 15 yaşlı məktəbli qızla bağlı qərar verilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhər Vaqif İbrahimov adına 35 nömrəli tam orta məktəbin şagirdləri arasında baş verib.

Təqsirləndirilən şəxsin - Aylanın ( ad şərtidir) ifadəsində bildirdiyinə görə, onunla eyni məktəbin 9-cu sinfində oxuyan Nərminlə ( ad şərtidir) əvvəllər rəfiqə olub. Bir müddət sonra onların arasında mübahisə yaranıb. Bunun ardınca Nərmin onun barəsində təhqiramiz ifadələr söyləyib. Bunu Aylaya Fidan ( ad şərtidir ) adlı digər rəfiqəsi bildirib. Bir neçə gün sonra isə Nərminin tanışı Mədinə (ad şərtidir) hətta onun qabağını kəsərək Nərmindən kənar olmasını söyləyib. O, da Nərminlə danışmadığını Mədinəyə deyib. Bu hadisələr ona pis təsir etdiyindən o, Nərmindən intiqam almaq qərarına gəlib. Bu məqsədlə o Nərmini bıçaqla qorxutmaq istəyib. Həmin vaxt onunla bir qonşuluqda yaşayan və eyni məktəbdə oxuduğu 11-ci sinif şagirdi Murad (ad şərtidir) ağlına gəlib. O, Muradı məktəbdə görüb və hətta Murad əvvələr ona üzərində bıçaq gəzdirdiyini də söyləyib. Daha sonra Ayla məktəbdə olan zaman tənəffüsdə Murada yaxınlaşıb ondan üzərində bıçaq olub-olmamasını soruşub. Murad isə cibindən açılıb bağlanan, bıçağı çıxararaq ona göstərib. O, Murada həmin bıçaqdan xoşu gəldiyini söyləyərək, bıçağı ondan istəyib. Murad da heç nə soruşmayaraq bıçağı ona verib.

Ayla bıçağı çantasına atdıqdan sonra dərsdən qaçıb. O, Nərminin yaşadığı binaya gələrək ondan həyətə düşməsini tələb edib. Onlar binanın həyətində mübahisə ediblər. O, Nərmindən nə üçün onun barəsində şaiyələr yaydığını soruşanda Nərmin ona yaxşı etdiyini bildirib. Bundan əsəbiləşən Ayla Nərmini qorxutmaq üçün cibindəki bıçağı çıxarıb. O, Nərminə 3 bıçaq zərbəsi endirib. Bunu görən qonşuluqdakı qadın onları ayırıb. Ayla hadisə yerindən uzaqlaşıb. Yolda gördüyü tanımadığı şəxsə adam bıçaqladığını bildirib. Həmin şəxs polisə xəbər verdikdən sonra Ayla polislər tərəfindən saxlanılıb. 

Ayla törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, Nərminə vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxsin - Nərminin ifadəsinə görə, o, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin 9d sinifində oxuyur. Ayla onun oxuduğu məktəbin 8-ci sinifində oxuyur, onunla həmişə normal münasibəti olub, ədavət və ya düşmənçiliyi olmayıb. Ayla ilə əvvəllər rəfiqə kimi münasibət saxladığını son vaxtlarda isə Aylanın hərəkətlərinin xoş olmaması səbəbi ilə onunla əlaqəni kəsdiyini bildirib. Nərmin Ayla ilə yaşadığı binanın həyətində mübahisə etdiyini, Aylanın ona 2 bıçaq zərbəsi vurduğunu bildirib. O, Ayladan qaçıb uzaqlaşmaq istəyəndə yerə yıxılıb. Həmin anda təqsirləndirilən şəxs bıçaqla onun kürək nahiyyəsinə də bir dəfə zərbə endirib, onun bədəninə təpiklə vurduqdan sonra ünvanına nalayiq  ifadələr işlədib. 

Həmin vaxt orada olan qonşuları Rumiyyə (ad şərtidir) onlara yaxınlaşıb və Ayla oradan gedib. Rumiyyə onu yerdən qaldıraraq yaşadıqları binanın yanında əyləşdirib. Sonra isə təcili yardım çağıraraq onu xəstəxanaya aparıb.

Nərmin hazırda Ayla ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığı söyləyib.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası alıb. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, cəza şərti hesab edilib və onun üzərində 1 il sınaq müddəti müəyyən olunub. Sınaq müddəti ərzində məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək tələbi təyin edilib. Nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər