KRİMİNAL

Coğrafiya müəllimi həyat yoldaşını xəyanətə görə belə cəzandırdı - "Dedi ki, güclü kişi istəyirəm..."

Kürdəmir rayonunda 1989-cu il təvəllüdlü Bəşir qısqanclıq zəminində həyat yoldaşı Pərini (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

32gun.az "teleqraf.com"a istinadən xəbər verir ki, Bəşir arvadı Pərinin ona xəyanət etməsindən şübhələnib və onu öldürmək qərarına gəlib.

Cinayətkar niyyətini həyata keçirməkdən ötrü 3 oktyabr 2022-ci ildə saat 10 radələrində həyətdə nar toplayarkən şalvarının arxa cibində gəzdirdiyi bıçağı çıxararaq Pərinin döş qəfəsindən vurub. 18 zərbə alan qadına vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Bəşirin barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Yata bilmirdim"

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir bildirib ki, arvadı Pəri və uşaqları ilə Kürdəmir rayonunda yaşayıb:

"Özüm coğrafiya müəllimi işləmişəm. Hadisədən əvvəl son bir ayda gərgin olmuşam, yata bilməmişəm. Məndə psixi pozuntular baş verib. Xəstəxanaya getmişəm, həkim dərman yazıb. Ancaq dərmanları qəbul etməmişəm".

"Məqsədim öldürmək olmayıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Pərini qısqanıb, lakin qısqandığı konkret şəxs yoxdur:

"Arvadım nar yığarkən onu bıçaqla vurdum. Uşaqlar evdəydilər, həyətdə ikimiz idik. Arvadımı bıçaqla vurmaqda məqsədim onu öldürmək olmayıb. Neçə bıçaq vurmağımı saymadım. Ancaq təxminən on bıçaq zərbəsi olardı. Sonra peşman oldum.

Bıçaqdan nar bağında istifadə edirdim. Arvadımı vurduqdan sonra hadisə yerindən getdim. Bıçağın hadisə yerində qaldığını, yoxsa onu özümlə apardığımı xatırlamıram".

"Telefonu məşğul olurdu"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədən görünür ki, 2022-ci ilin martında axşam işdən evə gələndə böyük oğlu Səlim ona baxaraq "ata, hələ indi gəlirsən?" deyə soruşub:

"Oğlum mənə "bayaq mətbəxdə adam var idi, o sən idin?" sualını verdi. Oğlumun yuxu gördüyünü düşündüm. Bu hal təxminən 25 gün sonra yenidən təkrarlandı.

Təxminən 4-5 ay idi ki, məktəbdə işdə olarkən və ya ümumiyyətlə, evdə olmayanda arvadıma zəng edəndə onun telefonu daim məşğul olurdu".

"Səs-küy düşdü"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2022-ci ilin yay aylarında kənd sakinləri və dostları arasında ailəsi haqqında söz-söhbətlər yayılıb: "Təxminən 2022-ci ilin avqust ayının ortalarında evdə olarkən qonşuluqda yaşayan Sevil bibimgildə səs-küy düşdü. Mən də həyətə düşüb qonşu həyətdə nə baş verdiyinə qulaq asdım.

Bibimin yüksək səslə qışqıraraq "o qovulasıdır, saxlamaq lazım deyil" kimi sözlər dediyini eşitdim. Həmin vaxt qayınatam Vəli "niyə elə deyirsən?" soruşduğunu eşitdim. Buna görə özlüyümdə qonşuluqda ailəm haqqında söhbət getdiyini hiss etdim. Lakin bibimdən və qayınatamdan bu barədə soruşmadım".

"Mənə xəyanət etdiyini güman etdim"

Bəşirin sözlərinə görə, müəllim yoldaşları ilə çay evində görüşərkən dostlarının ondan uzaqlaşmağa başladığını hiss edib: "Müəllim yoldaşım Nadir mənə "özündən xəbərin yoxdur deyəsən" söylədi. Arvadım da mənimlə soyuq davranırdı. Hər xırda məsələni böyüdür, söz-söhbət yaradır, məndən küsürdü.

Bütün bu olanlardan - son vaxtlar arvadımın davranışları, iş yoldaşlarımın məndən uzaqlaşmağa başlaması, eşitdiyim söz-söhbətlər arvadımın məndə xəyanət etdiyi gümanı yaradırdı. Nəticədə günlərlə depresiyaya düşürdüm. Hətta bu vəziyyətimlə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında adını xatırlamadığım həkimin qəbulunda da oldum. Həkim mənə sakitləşdirici dərmanlar yazdı. Əvvəlcə həmin dərmanlardan istifadə etsəm də, sonradan istifadəni dayandırdım".

"Nar yığanda söhbət etdik"

Bəşir qeyd edib ki, 3 oktyabr 2022-ci ildə səhər saat 8 radələrində arvadı Pəri və qardaşı Tağı ilə birlikdə həyətdə nar yığmağa başlayıblar: "Mən arvadımla ağacdan nar dərir, qardaşım isə onları taxta yeşiklərə yığaraq maşına yükləyir, evin yanına aparırdı.

Nar yığarkən arvadımla gündəlik məsələlərlə bağlı söhbət etdik. Bir müddət sonra yorulduğumu bildirərək dayandım. Bu vaxt arvadım mənə "çox ləng işləyirsən, 70 yaşında kişi kimi görünürsən, istəyərdim, mənim də yoldaşım güclü, qüvvətli, işgüzar biri olsun" dedi. Mən də qayıtdım ki, müəllim adamam, fəhlə deyiləm.

Arvadımın sözləri mənə çox pis təsir etdi, bir kişi kimi qüruruma toxundu. Bir müddət nar yığmağa davam etsəm də, sözün təsirindən çıxa bilmədim. Həm də uzun müddətdir arvadımın mənə başqasıyla xəyanət etdiyi fikri ağlımdan çıxmamışdı. Beynimdə çox götür-qoy etdim, belə hərəkətlərinə və sözlərinə görə arvadımın həqiqətən başqa kişilərlə mənə xəyanət etdiyini düşündüm, onu öldürmək qərarına gəldim".

"Kanalın qırağında ağladım"

Bəşir qeyd edib ki, saat təxminən 10:30-da arvadı arxasını çevirərək gedərkən qəflətən əynindəki şalvarın arxa cibində saxladığı bıçağı çıxarıb və onun kürək nahiyəsinə bir neçə dəfə zərbə vurub:

"Arvadım zərbələrdən qışqıraraq üzü üstə yerə yıxıldı. Yaxınlaşıb etdiklərinin, dediyi sözlərin heyfini çıxmaq üçün onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurdum. Arvadıma sayını xatırlamadığım qədər bıçaq zərbəsi vurduqdan sonra onun qan içərisində olduğunu gördüm. Buna görə də qorxdum. Vurduğum bıçaq zərbələrindən arvadımını öləcəyini düşündüm və ondan aralaşdım.

Həyətin arxa qapısından çıxaraq kanala doğru qaçdım. Qapıdan çıxanda arxadan qardaşımın və anamın gəldiyini gördüm. Əlimdəki bıçağı kolluğa atdım. Kanala girərək əlimi-üzümü yudum. Daha sonra orada oturaraq bir müddət ağladım, nə etdiyimi düşündüm. Təxminən 2-3 saat dayandıqdan sonra qardaşım gələrək gizlənməyimin bir mənası olmayacağını, əvvəl-axır tutulacağımı bildirdi, məni təslim olmağa razı saldı. Mən də geriyə - evə qayıdaraq paltarlarımı dəyişdim, Kürdəmir Rayon Polis Şöbəsinə gedərək təslim oldum".

İş üzrə zərərçəkmiş Pərinin sözlərinə görə, əri Bəşir və uşaqları ilə bir yerdə yaşayıblar: "Ərim kənd orta məktəbində müəllim işləyib. Evli olduğumuz müddətdə Bəşir heç vaxt məni döyməyib, incitməyib, aramız həmişə yaxşı olub.

Bəşir 2022-ci ilin iyul-avqust aylarından başlayaraq özünü qeyri-adi aparmağa başladı, əsəbləri pozuldu, danışmadı, daimi fikirli oldu. Mənə tez-tez deyirdi ki, atan səni gəlib aparacaq. Soruşurdum ki, atam məni nə üçün gəlib aparmalıdır? Həmin vaxtlardan məni qısqanmağa başladı. Otaqların qapı-pəncərələri arxadan bağlayırdı. Evin zirzəmisinə girib oranı telefon işığı ilə axtarır, evdən çıxıb daim çöldə gəzir, yatmır, telefonuna zənglər gəldiyini deyirdi".

"Yalvararaq dayanmasını, vurmamasını dedim"

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 3-də səhər 9 radələrində yaşadığı evin həyətində əri Bəşir və onun qardaşı Tağı ilə nar yığımına başlayıblar: "Qayınanam bizə gəlib evdə yemək bişirdi, uşaqlara baxdı. Mən Bəşirlə ağacdan nar dərərək taxta yeşiklərə yığırdıq. Tağı da yeşikləri maşına doldurur, evin yanına apararaq boşaldıb.

Saat təxminən 10 radələrində ərim yanıma gələrək gündəlik məişət mövzusunda söhbətlər etdik, danışıb-güldük. Mən yerdə oturub nar yedikdən sonra yenidən nar yığmağa başladım. Bəşir mənim arxamda idi. Qəflətən kürək nahiyəmdən zərbələr dəydiyini hiss etdim. Həmin vaxt dizi üstə oturmuşdum. Üzümü çevirəndə Bəşirin əlində bıçaqla ayaq üstə dayandığını gördüm.

Bəşirdən nə olduğunu soruşanda, heç nə demədi, qaşımın ortasından və sol gözümdən bıçaqla xəsarət yetirdi. Sonra məni itələyib yerə yıxdı və üzü üstə çevirərək qarnımın üstündə oturdu. Əlimlə üzümü qorumağa çalışdım. Dayanmadan bədənimin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmağa davam etdi.

Bəşirə yalvararaq dayanmasını, vurmamasını dedim. Qışqıraraq qayınanamı və Tağını köməyə çağırdım. Bəşir heç bir söz demədən soyuqqanlılıqla ardıcıl bıçaq zərbələri vururdu. Nəhayət, kənara çəkildi. Əlində bıçağı tutaraq təxminən 5-10 saniyə müddətində mənə baxdı. Daha sonra qardaşı və anasının gəldiyini eşitdi, bağın arxa tərəfinə qaçaraq getdi. Qaynım və qayınanam məni maşına əyləşdirərək xəstəxanaya apardılar".

Məhkəmə təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmayıb. Buna səbəb onun anlaqsız sayılması olub.

Məhkəmə təqsirləndirilən şəxsin anlaqsız vəziyyətdə arvadını öldürməyə cəhd etməsini Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyü, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğunu sübuta yetirilmiş hesab edilib.

Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Bəşirin barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunmaqla ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Loading...

Oxşar Xəbərlər