EKONOMİKS

Şadlıq saraylarında bu şəxslərin toy mərasimi keçirməsinə icazə verilməyəcək

Son günlər ölkəmizdə yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə cəhd halları müşahidə olunur. Aidiyyəti qurumlar hər belə haldan xəbər tutan kimi dərhal toy mərasiminin keçirilməsinin qarşısını alır və məsələyə qanunvericiliyə uyğun şəkildə tədbir görülür. Yetkinlik yaşına çatmamış qız övladlarını ərə verən valideynlər məsuliyyətə cəlb olunurlar. Amma buna baxmayaraq, toy mərasimlərini gizli şəkildə həyata keçirənlərə rast gəlinir. Erkən nikahların yolverilməzliyi barədə illərdir maarifləndirmə tədbirləri həyata keçirilsə də, bu, müsbət nəticə verməyib. Rəsmi məlumata görə, 2022-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında artım müşahidə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsinin təklif olunduğunu açıqlayıb. Belə olan halda toy mərasiminin keçirildiyi şadlıq saraylarına qarşı hansı tədbirlər həyata keçirilməlidir?

Milli Məclisin deputatı Fazil Mustafa 32gun.az-a açıqlamasında deyir ki, erkən nikaha yol verilməsi təkcə valideynlərin deyil, həmin tədbirlərin təşkilində iştirak edən, ona yardım edən insanların da məsuliyyətidir.

Bu, inzibati məsuliyyət kateqoriyasına daxildir

Onun sözlərinə görə, hər hansı restoran, şadlıq evi və başqaları bu cür qanunsuz nikahların keçirilməsi ilə bağlı hansısa bir addım atırsa, qanunvericiliklə bu, inzibati məsuliyyət kateqoriyasına daxil olur: "Ona görə də heç kim buna yol verməməlidir. Bu, təkcə valideynin xəstəliyi məsələsi deyil, bütövlükdə cəmiyyətin problemidir. Erkən nikah cəhalətin başqa bir formasıdır və ona qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Erkən nikaha yol verilməsi hadisəsi haqqında bilgisi olan, onun qarşısını almayan insanlar müəyyən mənəvi məsuliyyət daşıyırlar".

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu məsələdə sahibkarların üzərinə gedilməsi əyləncələrin nəzarətə götürülməsi deməkdir.

Onun sözlərinə görə, bu, pozitiv nəzarət olmalıdır və sahibkarı daha çox sıxmamalı, yaxud onun fəaliyyətini məhdudlaşdırmağa gətirib çıxarmamalıdır: "Ayrı-ayrı toy sahiblərini cərimələməkdənsə, hər yerli ərazi üzrə məsul şəxslərin cərimələnməsi daha çox effektiv olar. Çünki toya qədər bu hadisələr baş verir. Məqsədyönlü fəaliyyəti elə qurmaq lazımdır ki, insanlar etibar edib xəbər versinlər. Əksər hallarda insanların məxfiliyi pozulur deyə, onlar məsələyə qarışmaqdan çəkinirlər. Rayonlarımızda kifayət qədər erkən nikahın ciddi fəsadlara səbəb olacağını anlayan insanlar var. Onlar müəyyən mənada erkən nikaha qarşı çıxmaq istəsələr də, bəzi hallarda məxfiliyin pozulması ucbatından onlar passiv mövqedə dayanırlar".

Qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir

M.Zeynalova qeyd edib ki, toy zamanı bəzi hallarda insan haqları pozulur, yəni sui-istifadələrə yol verilərək qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir. Bunlar isə sonradan əlavə neqativ hallara gətirib çıxara bilər:

"Əvvəl belə hallara yol verilməməsi üçün monitorinqlər aparılırdı. Hesab edirəm, indi də bu proseslər həyata keçirilməlidir. Çünki əhali özü nə qədər məlumatlı olsa, toy sahiblərinin erkən nikaha yol vermə halları da azalacaq. Məsul şəxslər yetkinlik yaşına çatmayan uşaqlar arasında iş aparmalıdır. Xüsusən də 14-15 yaşından sonra uşaqlar arasında bu işlər gücləndirilməlidir. Erkən nikaha, onun sonradan törətdiyi fəsadlara qarşı daha çox televiziyalarda, sosial şəbəkələrdə təbliğatlar aparılmalıdır. Həmçinin məktəblərdə bu istiqamətdə daha çox maarifləndirmə işləri görülməli, uşaqların təhsilə stimulu artırılmalıdır. Texnoloji imkanlardan bəhrələnərək uşaqlara təhsilin onların gələcəyi olduğunu, erkən nikahın isə uçuruma apardığını aşılamaq lazımdır".

Loading...

Oxşar Xəbərlər