SOSIAL

Milli Məclisdə Nazirlər çıxış edir (YENİLƏNİB)

“Son illər ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətli sahələrin inkişafının stimullaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və davamlı inkişafı, iqtisadiyyatda şəffaflığın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir”. 

32gun.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib. O qeyd edib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə daxil olur:

“Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu strateji dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur. Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM 6,2 faiz artıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayında qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi 7,8 faizdən 8,5 faizə yüksəlib. Ölkəmizdə bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 milyard manat həcmində investisiyaların 6,3 milyard manatı artıq həyata keçirilib. Bu ilin 9 ayında özəl sektorun investisiyalarında 11 faizədək real artım olub. Sözügedən dövrdə qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir. Strateji valyuta ehtiyatları 53 milyard məbləğində formalaşıb.

2021-ci ildə ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. 

Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənilib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb, 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub”. 

*** 11:37

“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”.

32gun.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, - deyə o vurğulayıb.

*** 11:05

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

32gun.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 24 məsələ daxil edilib.

İclasda dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklər layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdə deputatlarla yanaşı, hökumət və dövlət rəsmiləri də iştirak edirlər.

Loading...

Oxşar Xəbərlər