SOSIAL

“Heydər Əliyev qolbağı mənə qaytararkən dedi ki, çalış itirmə, bir də tapsalar qaytarmazlar…”

“Dövlət tədbirlərindən biri idi. Ulu öndər Heydər Əliyev hər dəfə konsertdən sonra pərdə arxasına keçib sənətkarlarla, musiqiçilərlə görüşərdi. Bu onun böyük ürəyindən, sadəliyindən xəbər verirdi. Bir də gördüm ki, Heydər Əliyev düz mənə tərəf gəlir, tez geri çəkildim. Sən demə qolbağım yerə düşüb, mənim də xəbərim yoxdur. O gəlib bizə çatanda əyilərək yerdən qolbağı götürdü və mənə uzatdı. Görün necə diqqətli insan idi. O qədər insanın içində yerdə olan kiçik əşyanı hiss edərək onu götürəsən. Bu həssaslıq, bu ürək hər insanda yoxdur. Fidan və Xuraman Qasımova bacıları da ulu öndərin yanında idi, əvvəlcə onlardan soruşdu ki, qolbaq sizindir? Elə həmin an Gülyanaq qoluma bir dənə vurdu, işarə etdi ki, qolunda qolbaq yoxdur. Həqiqətən də qolbaq qolumda deyildi. Dilim-dodağım əsə-əsə Heydər Əliyevə qolbağın mənim olduğunu dedim. O mənə yaxınlaşdı və qolbağı mənə qaytararkən dedi ki, “çalış itirmə, bir də tapsalar qaytarmazlar” (gülür). O həm də çox zarafatcıl bir şəxsiyyət idi”.

32gun.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib. O daha sonra Heydər Əliyevlə bağlı digər xatirələrini bizimlə bölüşüb.

“Siz tamaşaçılar bu kadrların az bir hissəsini görmüsünüz. Çünki bəzi kadrlar kəsildi, efirə getmədi. Qolbağı mənə qaytarmazdan əvvəl bəlkə də bir 15 dəqiqəyə yaxın zarafat etdi, hamı güldü. O qolbağı mənə tərəf uzadırdı, götürmək istəyirdim ki, əlini geri çəkirdi. Nəhayət qolbağı mənə qaytardı. İnandırım sizi ki, mən o zamandan həmin qolbağı taxmıram. Qorxuram, itirəm, evdə saxlayıram. Bahalı deyil, adi bijuteriya idi, amma Heydər Əliyevin qoluma bağladığı andan artıq mənim üçün qiymətli oldu. Bütün bahalı zinət əşyalarımın içində ən doğma əşyadır mənim üçün. Onun bizə qarşı olan ata məhəbbətini, sevgisini, diqqət və qayğısını ömür boyu unuda bilmərik. Bizə “Bacılar” adını da məhz ulu öndərimiz vermişdi. Belə ki, bir dəfə dövlət tədbirlərindən birində bizi ona təqdim edəndə soruşdu ki, Gülyaz hansıdır, Gülyanaq hansı? Göstərib dedilər ki, Gülyaz budur, Gülyanaq da bu. Dedi ki, bundan sonra sizi adınızla yox, “Bacılar” kimi çağıracam, adınız oldu “Bacılar”. Həmin gündən də biz “Bacılar” kimi tanındıq. 1998-ci ildə bizə “əməkdar artist” fəxri adını verdi. Biz hər zaman bu dahi və böyük şəxsiyyətə borcluyuq” deyə xalq artisti bildirib.

Loading...

Oxşar Xəbərlər