İDMAN 20 XƏBƏR

7 yaşlı azərbaycanlı Nuray Dubaydan iki medalla qayıdıb - Qızıl və bürünc

Nuray Həsənli Bakıdakı Məktəb Lisey Kompleksinin 2-ci “N” sinfində oxuyur. 5 yaşından bədii gimnastika ilə məşğul olur. “Prosport” idman klubunun gimnastıdır.

32gun.az bildirir ki, Nuray bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bədii gimnastika üzrə beynəlxalq yarışda alətsiz çıxışına görə 2016-cı il təvəllüdlü gimnastlar arasında bütün rəqiblərini üstələyərək birinciliyə layiq olub.

Nuray bu beynəlxalq dərəcəli yarışda ölkəmizi iki qrupda - alətsiz və topla çıxışları ilə təmsil edib.

Topla çıxışına görə isə bürünc medal qazanıb. 

N.Həsənli BƏƏ-dəki beynəlxalq yarışa  “Pro Sport” İdman klubunun məşqçiləri Samirə Səlimzadə, Leyla Hüseynli və Fərid Kazakovun rəhbərliyi ilə hazırlaşıb. 

Məşqçilərin sözlərinə görə, Nuray çox istedadlı, çalışqan və məqsədinə nail olan qızdır. Bu sahədə gələcəkdə böyük uğurlar qazana bilər.

Nuray dəfələrlə ölkəmizdə keçirilmiş müxtəlif yarışlarda uğurla çıxış etmiş olsa da Dubayda keçirilən yarışın həyəcanın tamam başqa olduğunu söyləyir. Bu Nurayın ilk beynəlxalq yarışı idi və bu yarışda əldə etdiyi qələbə onu daha da həvəsləndirib.

Nurayın bu uğuru tədris müəssisəsində də sevinclə qarşılanıb. Məktəb Lisey Kompleksinin direktoru Esmira xanım, sinif rəhbəri Tünzalə xanım və metodist müəllimə Aygün xanım Nurayın bu qələbəsi ilə fəxr etdiklərini bildiriblər:

"Nuray həm dərslərində yüksək qiymət almasına görə həm də idmanla məşğul olaraq dəfələrlə uğur əldə etdiyinə görə məktəbin fəal şagirdləri arasında yer almaqdadır".

Qeyd edək ki, Nuray Həsənliyə idmanın gimnastika növünə sevgi anasından keçib. Belə ki, anası Gülər Rüstəmqızı gimnastika üzrə idman ustalığına namizəddir.

Bir çox beynəlxalq yarışlarda yüksək nəticələr qazanıb .

Gülər xanım da övladının gimnastika ilə məşğul olmasından danışıb və bildirib ki, qızının gimnastika ilə məşğul olması onu çox sevindirir: 

"Axı, gimnastika sağlamlıq, düzgün qamət və bədən quruluşu deməkdir. Həmçinin, gimnastika xoş ovqat, özünə inam və gözəllik bəxş edir".

Qeyd edək ki,Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışda  “Pro Sport”  idman klubunun 18 gimnastı iştirak edib. Onlar Vətənə 14 qızıl, 5 gümüş və 9 bürünc medalla qayıdıblar. 

Nilay 

 

Loading...

Oxşar Xəbərlər